AŞF-nin rəhbərliyi şahmatçılarla görüşdü

Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri Sloveniyada şəxsi Avropa çempionatında yüksək nəticə göstərən şahmatçılarla görüşüb.

Görüşdə qitə birinciliyinin yekun nəticələrinə əsasən 3-8-ci yerləri bölüşən Vasif Durarbəyli, 9-11-ci yerləri tutan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov, ilk qrossmeyster balını toplayan Read Səmədov, qadınlar arasında qrossmeyster üzrə son normanı yerinə yetirən Gövhər Beydullayeva iştirak edib.

AŞF prezidenti Mahir Məmmədov görüşdə şahmatçıların nəticələrini yüksək qiymətləndirib, Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynovu 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanmaları münasibəti ilə təbrik edib. M.Məmmədov Abdulla Qədimbəylinin yarışda uzun müddət lider mövqeyində qərarlaşdığını xatırlayaraq, onun Çexiya şahmatçısı David Navara üzərində qələbəsini xüsusi vurğulayıb. AŞF rəhbəri qadın şahmatçılardan ibarət yığmanın üzvü Gövhər Beydullayevanın Avropa çempionatında xanımlar arasında ən yüksək nəticəni qazandığını və reytinqini 70 əmsal artırdığını söyləyib.

Sonda AŞF rəhbərliyi şahmatçıların fikirlərini dinləyib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

You May Also Like