Qadınlar arasında Azərbaycan çempionu – Xanım Balacayeva!

Qadınlar arasında Azərbaycan çempionatı başa çatdı. Sonuncu turda Göhvər Beydullayeva ilə xalları yarı bölən Xanım 9 oyundan 7 xal toplayaraq 2-ci yerlə 1 xallıq fərq saxladı və Azərbaycan çempionu adına layiq görüldü. Turnirdə inamlı qələbə qazanan Xanım, eyni zamanda reytinqini 18 vahid qaldırmaqla 2373-ə çatdırdı. Qeyd edək ki, o Qax UGİŞM və “Təhsil” RİM-in 3 nömrəli RİOEUGİŞM-in yetirməsi olub.

İkinci yerin sahibi sürpriz isim – Gövhər Beydullayeva oldu. Yarışın başlanğıcından öz iddiasını ortaya qoyan 17 yaşlı gənc istedad ilk 4 turdan sonra turnir cədvəlinə başçılıq edirdi. Yekunda 9 oyundan 6 xal toplamaqla reytinqini 26 vahid qaldıran Gövhər, kifayət qədər təcrübəli rəqibləri arasında özünü təsdiqlədi.

Üçüncü yerə Gövhərlə eyni xalı toplamış təcrübəli Gülnar Məmmədova layiq görüldü. 8-ci turadək çempionluq şansını saxlayan Gülnar, həlledici oyunda Gövhərə məğlub olmaqla bu şansı əldən qaçırmışdı. Lakin sonuncu turda Mələk İsmayıl üzərində qələbə ilə 3-cü olmağı bacardı.

Yarışın chess-results.com linki: http://chess-results.com/tnr522685.aspx?lan=1&art=9&fed=AZE&turdet=YES&snr=4

11 mart 2020, 13:45

 Xanım Balacayeva vahid liderdir.

Qadınlar arasında Azərbaycan çempionatı davam edir. 4 mart 2020-ci il tarixində start götürən yarışda 6 turdan sonra yarış cədvəlinə Xanım Balacayeva başçılıq edir. Ardıcıl 5 oyunda qələbə qazanan Xanım yalnız ilk turda Xəyalə Abdullaya məğlub olub. 6 oyundan 5 xal toplayan Xanımı 2-ci yerdə qərarlaşan Gülnar Məmmədova 4,5 xalla izləyir. Bu gün saat 14:00-da start götürəcək 7-ci turda məhz 1-2-ci yerlərdə gedən bu iki şahmatçı qarşı-qarşıya gələcək. 3-cü yerdə isə 4 xalla Türkan Məmmədyarova gedir.

Dairəvi sistemi üzrə keçirilən və 9 turdan ibarət olacaq yarışda 10 qadın şahmatçımız mübarizə aparır. Yığma komandamızın üzvləri Zeynəb və Türkan Məmmədyarovalar, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva ilə yanaşı Xəyalə Abdulla, Səbinə Rzalı, Mələk İsmayıl, Gövhər Beydullayeva və Ayan Allahverdiyeva mübarizə apararırlar. Qeyd edək ki, qadın şahmatçılarımız arasında ən yüksək reytinqə sahib Günay Məmmədzadə (2443) budəfəki Azərbaycan çempionatında iştirak etmir.

Şəkillər Lana Əfəndiyava tərəfindən çəkilib.