Beynəlxalq “Təhsil” kuboku başa çatdı

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə şahmat üzrə onlayn  

“Beynəlxalq Təhsil  Kuboku” başa çatdı.

9-10 may 2020-ci il tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə onlayn  “Beynəlxalq Təhsil  Kuboku” başa çatdı.    

Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman komitəsinin, Azərbaycan Şahmat Federasiyanın dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə www.chess.com internet portalı üzərindən keçirilmiş beynəlxalq yarış 17 yaşadək şahmatçılar arasında təşkil olunub. 

Beynəlxalq yarışın keçirilməsində əsas məqsəd Ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasından ibarət idi.

Dünyanın 43 ölkəsindən 209 şahmatçının qatıldığı yarış ciddi idman mübarizəsi şəraitində keçib. İştirakçıların heyyətinə görə 17 yaşadək şahmatçıların dünya çempionatına müqayisə oluna biləcək yarış İdman Azərbaycan TV-də və youtube üzərindən canlı olaraq yayımlanıb. Şahmatçılar rəqiblərin əlavə vasitələrdən istifadə risklərinin aradan qaldırılması məqsədilə oyunlarını 2 kamera qarşısında keçiriblər və rəqiblər bir-birini görmək imkanı əldə edib. Yarışın qalibi Hindistan şahmatçısı Arjun Eriqaisi olub. 2-ci yerə Özbəkistan şahmatçısı Nodirbek Abusattarov, 3-cü yerə isə hindistanlı Raunak Sadvani layiq görülüb. Güclü rəqibləri qarşısında əzmkar mübarizə aparan Azərbaycan şahmatçıları mükafatçılar sırasına düşməyi bacarıblar. Belə ki, şahmatçımız Xəzər Babazadə 4-cü, Vüqar Manafov isə 5-ci olub.

Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəyə görə Əhməd Əhmədzadə və Aydın Süleymanlı da mükafatçılar sırasına düşüb. Əhməd ümumi hesabda 8-ci, Aydın isə 12-ci olub.

Sevindiri haldır ki, qızlar arasında ilk 3 yerin 2-i məhz bizim şahmatçılarımız olub. Belə ki, Mələk İsmayıl və Gövhər Beydullayeva eyni xal və əmsalla 1-2-ci yerləri bölüşdürüblər. 3-cü yerə isə Qazaxıstan şahmatçısı Assel Lezbekova layiq görülüb.

12 yaşadək şahmatçılar arasında ən yaxşı nəticəni ukraynalı Tixon Çerniyayev göstərib və bu nominasiyanın qalibi olub. 2-ci yerə həmyerlimiz Rüstəm Rüstəmov layiq görülüb. 3-cü yerin sahibi isə ukraynalı İhor Samunenkov olub.

Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplomları və pul mükafatları ilə mükafatlandırılacaqlar.

 

Yarışın internet səhifəsi: www.tehsilchess.az/itc2020

Yarışın nəticələri: www.tehsilchess.az/itc2020-results

Canlı yayım linki-Final mərhələsi: https://www.youtube.com/watch?v=jU4CLjrnF3A&t=3215s

Canlı yayım linki-Seçmə mərhələ: https://www.youtube.com/watch?v=OGUz_-FqnK8&t=5s

Yarışın əsasnamə: https://tehsilchess.az/wp-content/uploads/2020/05/Esasname-ITC2020-AZE.pdf