Məktəblilərin Avropa çempionatı və daha 2 yarış təxirə salındı

Tehsilchess.az xəbər verir ki, Məktəblilərin Avropa Çempionatı təxirə salınıb.

Qeyd edək ki, “Təhsil” Respublika İdman Mərkəzinin məktəblilərdən ibarət yığma komandalarının (Respublika birinciliyində 1-2-ci yer tutmuş şahmatçılar) bu yarışda iştirakı nəzərdə tutulur. Şahmatçılarımızın bu yarışda iştirakı ilə bağlı bir çox səfər tədbirləri həyata keçirilsə də (təyyarə biletləri də daxil olmaqla) korona virusun (COVID-19) son zamanlar sürətlə yayılması səbəbindən yarış təxmin olunduğu kimi təxirə salındı. Bununla bağlı Beynəlxalq Şahmat Federasiyası (FIDE) və Avropa Şahmat birliyi (ECU) birgə bəyanat yayımlayıb. Bəyanatın tərcüməsini sizlərə təqdim edirik:

“Bildiyiniz kimi, üç böyük tədbirin 2020-ci ilin aprel ayında Yunanıstanın Krit adasının Hersonios şəhərində keçirilməsi planlaşdırılırdı:

1. Yeniyetmələr və Gənclər Rapid & Blitz üzrə Dünya Çempionatı – 2020
2. Həvəskarlar arasında Dünya Çempionatı – 2020
3. Məktəblilərin Avropa çempionatı – 2020.

Bu tədbirlər yüzlərlə oyunçunun və onları müşaiyət edən şəxslərin eyni məkana səyahətini və iştirakını əhatə edir. Koronavirusun (COVID-19) yayılması ilə Avropada və dünyada mövcud səhiyyə vəziyyətini, Ümumdünya Səhiyyə Təşkilatının, idman və yerli idarəetmə orqanlarının tövsiyələrini və göstərişlərini, bir çox iştirakçı və milli federasiya tərəfindən ifadə olunan narahatlıqları nəzərə alaraq, hər iki təşkilat 1 prioritetin vacib olduğuna inanır: insanların sağlamlığının qorunması.

Yuxarıda göstərilənləri nəzərə alaraq və təşkilatçılarla məsləhətləşdikdən sonra FİDE və ECU yuxarıda sadalanan hər üç tədbirin təxirə salınmasına qərar verdilər. Tədbirlər 15 İyun 2020 tarixindən sonraya təyin edildi və Yunanıstanda yeni tarixlər və məkanlar növbəti günlərdə elan ediləcək.

Artıq sifarişlər verilib və depozitlər yeni tarixlərə köçürüləcək və iştirakçıların iştirak edə bilməyəcəyi təqdirdə otel rezervasyonları və qeydiyyat haqqı tam olaraq geri ödəniləcək.

Qeyd etmək istərdik ki, təxirə salınmanın səbəbi fors-major halları və ictimai sağlamlıq üçün dünyada tanınan böyük bir təhlükə olduğundan, nə FİDE, nə ECU, nə də təşkilatçılar iştirakçıların çəkdiyi digər xərclər, o cümlədən səyahət xərcləri və hava yolları xərcləri –  biletlər üçün məsuliyyət daşımır”. 

Şahmatçılarımızın Məktəblilərin Avropa çempionatında iştirakı ilə bağlı qərar qüvvəsində qalır. Qeyd edək ki, yarışın yeni vaxtının təşkilatçılar tərəfindən həftənin sonunadək elan olunacağı gözlənilir.