Gənclər və İdman naziri Aydın Süleymanlını qəbul edib

Gənclər və İdman naziri Azad Rəhimov “Aeroflot open” beynəlxalq şahmat festivalının qalibi olan 14 yaşlı Aydın Süleymanlı ilə görüşüb.

Tehsilchess.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, Aydın Süleymanlının atası Elşən Süleymanov və şəxsi məşqçisi Fərid Abbasov da iştirak ediblər.

Nazir şahmatçı ilə görüşdə deyib: “Bizim əsas məqsədimiz Azərbaycanı dünyaya şahmat ölkəsi kimi tanıtmaq və dünya şahmat reytinqində ilk onluğa düşməkdir. Moskvada keçirilmiş “Aeroflot open” beynəlxalq şahmat turnirində sənin, 14 yaşlı şahmatçının qələbəsi hər birimizin sevincinə səbəb olmaqla yanaşı, bizə böyük qürur hissi yaşatdı. Biz bundan sonra da sənin inkişafın üçün daim dəstək göstərəcək, səni qoruyacağıq”.

Nazir A.Süleymanlının qələbəsindən sonra artıq iki şirkətin ona sponsorluq etmək arzusunda olduğunu da diqqətə çatdırıb və bundan sonra şahmatçının məşqləri və inkişafı üçün nazirlik və federasiya tərəfindən hər bir dəstəyin göstəriləcəyini bildirib.

Diqqətə görə təşəkkür edən Aydın Süleymanlı turnirdə qələbəsi, oyunun gedişi, rəqibləri və gələcək planları, həmçinin məşqləri haqqında məlumat verib. Şahmatçı Azərbaycan çempionatına da xüsusi hazırlaşdığını və “Aeroflot open” turnirindəki qələbəsini bu yarışda da təkrarlayacağına çalışacağını söyləyib.

Görüşün sonunda nazir Azad Rəhimov və FIDE-nin vitse-prezidenti Mahir Məmmədov Aydın Süleymanlıya hədiyyə təqdim ediblər.

You May Also Like