Gənclər və İdman Naziri Avropa Çempionatının medalçılarını qəbul edib

Bü gün Gənclər və İdman nazirliyində Avropa çempionatında medal qazanmış gənc şahmatçılarla görüş keçirilmişdir. Görüşdə Gənclər və İdman naziri Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, FIDE-nin və AŞF-nin vitse-prezidenti Mahir Məmmədov, AŞF-nin vitse-prezidenti Faiq Həsənov, nazirliyin sektor müdiri Lütfiyar Rüstəmov,  gənclərdən ibarət yığmanın baş məşqçisi Fərid Abbasov, digər rəsmi şəxslər və şahmatçıların valideynləri iştirak etmişdir.

Nazir Azad Rəhimov gənc idmançıları ürəkdən təbrik edib, Azərbaycan şahmatının gələcək inkişafında onların hər birinin xüsusi rolu olduğunu vurğulayıb. Daha sonra Azad Rəhimov, Azərbaycan şahmatının ənənələrindən, Azərbaycanda təşkil edilib keçirilən Ümümdünya Şahmat Olimpiadası, Dünya Kuboku, super-turnirlər və beynəlxalq  şahmat festivalları kimi tədbirlər haqda məlumat verib. Nazir, Azərbaycan dövləti və şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bütün Azərbaycan idmanına olduğu kimi, Azərbaycan şahmatına da xüsusi diqqət və qayğı göstərildiyini bildirib.

 

Qeyd edək  ki, Avropa birinciliyində şahmatçılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə  5 medal qazanıblar. 14 yaşadək qızlar arasında Ayan Allahverdiyeva (Bakı) və 8 yaşadək qızlar arasında Dinara Hüseynova (Bakı) qızıl, 8 yaşadək qızlar arasında Səadət Bəşirli (Gəncə) gümüş, 8 yaşadək oğlanlar arasında Yusif Kərimli (Şəki) və 10 yaşadək oğlanlar arasında Cahandar Azadəliyev (Bakı) bürünc medal qazanıblar. Ümumi hesabda Azərbaycan komandası Rusiyadan  sonra Avropa birinciliyində ikinci nəticə göstərib. 

Görüşün sonunda nazir Azad Rəhimov Avropa birinciliyində mükafatlar qazanmış gənc şahmatçılara Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanlarını və pul mükafatları təqdim edib.

Qeyd: Şəkillər Rasim Hüseynovun facebook səhifəsindən və Gənclər və İdman nazirliyinin rəsmi səhifəsindən götürülmüşdür.

You May Also Like