Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi oldu.

Şəhriyar Məmmədyarov Rumuniyanın paytaxtı Buxarestdə təşkil olunan “Superbet Chess Classic” turnirinin qalibi oldu. 5-14 iyun 2021-ci il tarixlərində “Şerotan Buxarest Otel”-də keçirilən yarış ümumi mükafat fondu 1 milyon 275 min dollar olan “Grand Chess Tour”-un ilk mərhələsi idi.

Yarış 10 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçirilib. Dünyanın top 10-luğundan 7 şahmatçının qatıldığı yüksək səviyyəli yarış Şəhriyarın aşkar üstünlüyü ilə yekunlaşıb. Bütün turniri yüksək səviyyədə keçirən 36 yaşlı şahmatçımız turniri məğlubiyyətsiz başa vurub. Belə ki, 5-7-ci turlarda ardıcıl olaraq Konstantin Lupulesku (RUM), Levon Aronyan (ERM), Fabiano Karuana (ABŞ) üzərində qələbə qazanan Şəhriyar digər 6 oyunda heç-heçə edib. Bununla da xal ehtiyatını 6-ya çatdıran ölkənin 1 nömrəli şahmatçısı ən yaxın izləyicisini 1 xal üstələməklə turnirin qalibi adını qazanıb.

Digər təmsilçimiz Teymur Rəcəbov da turniri məğlubiyyətsiz başa vurub, lakin qələbə də qazanmayıb. Keçirdiyi 9 oyununun hamısında heç-heçə edən şahmatçımız turniri 6-cı pillədə başa vurub.