Gülnar Məmmədova Azərbaycan çempionu oldu

Naxçıvan Muxtar Respublikasında təşkil olunan şahmat üzrə qadınlar arasındakı Azərbaycan çempionatına yekun vurulub. Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilən yarışda 12 şahmatçı dairəvi sistem üzrə mübarizə aparıb.

Çempionatın bağlanış mərasimində çıxış edən yarışın baş hakimi, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev keçirilən çempionat barədə məlumat verib. Bildirilib ki, qalib olan zəka sahibi Azərbaycanı Dünya Kubokunda təmsil edəcək. İkinci və üçüncü yerlərin sahibləri isə şəxsi Avropa çempionatına vəsiqə qazanıblar.

Sonra çempionatda mübarizə aparan qalib şahmatçıların sıralanması oxunub və səhnəyə dəvət olunublar. Onlara Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən hazırlanmış xüsusi rozet və pul mükafatları təqdim olunub.

Yarışın yekun nəticəsinə əsasən, qalib adını beynəlxalq usta Gülnar Məmmədova qazanıb. Beynəlxalq usta Gövhər Beydullayeva ikinci, qrossmeyster Zeynəb Məmmədyarova üçüncü olub. Qaliblərə mükafatları Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov təqdim ediblər.

Çempionatının qalibi, beynəlxalq usta Gülnar Məmmədova  Naxçıvan şəhərində təşkil edilən Azərbaycan çempionatının qalibi olmanın onun üçün ikiqat qürurverici olduğunu, muxtar respublikada qazandığı bu qələbəni bundan sonrakı yarışlarda da doğruldacağını bildirib, təşkilatçılara çempionat iştirakçıları adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov bildirib ki, Azərbaycan çempionatının Naxçıvanda təşkili xüsusi aya təsadüf edir. Belə ki, may ayı ümummilli liderimiz Heydər Əliyevin doğum günüdür və bu ayda ölkə birinciliyinin burada keçirilməsi böyük önəm kəsb edir. Eyni zamanda, bütün dünyada baş verən pandemiya ilə bağlı Naxçıvan Muxtar Respublikasında vəziyyət sabitdir.

Seymur Talıbov vurğulayıb ki, Azərbaycan çempionatında naxçıvanlı şahmatçılara da iştirakı təqdirəlayiq haldır. Çünki şahmatçılarımız ölkənin ən güclü şahmatçıları ilə mübarizə apararaq yarış təcrübələrini artırdılar. Seymur Talıbov  çempionatda iştirak edən bütün şahmatçıları təbrik etmiş, onlara gələcək yarışlarda uğurlar arzulamışdır.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollektivi adında bütün şahmatçıları və qonaqları salamlayan nazir müavini İsmayıl İsmayılov bildirib ki, Azərbaycan çempionatı nazirlik üçün ən mötəbər turnirlərdən hesab edilir. Bu yarışın Naxçıvan Muxtar Respublikasında təşkilini isə xüsusi olaraq vurğulamaq lazımdır. Pandemiya olmasına baxmayaraq, yarış ərzində hər bir kiçik nüansa xüsusi diqqət yetirilib və yarışın keçirilməsində heç bir problem olmayıb. Hər il may ayında Naxçıvan Muxtar Respublikası böyük yarışlara ev sahibliyi edir və hər bir turnir, yarış, çempionat yüksək təşkilatçılığı ilə seçilir. Nazir müavini yaradılan şəraitə, belə bir yarışa yüksək səviyyədə ev sahibliyinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasına təşəkkür edib. Vurğulanıb ki,  İsmayıl İsmayılov  çıxışının sonunda bir daha təşkilatçılara təşəkkürünü bildirib, qaliblərə uğurlar arzulayıb.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxışında vurğulayıb ki, artıq bir aydır şahmatçılar Naxçıvandadır. Belə desək, bu ay Naxçıvan şahmatın əsl məkanına çevrilib. İstər kişilər, istərsə də qadınlar arasında Bakıdan kənarda keçirilən ölkə birinciliyi yüksək səviyyədə təşkilatçılığı ilə seçildi. Bu yarış yalnız dünyanın sayılıb-seçilən beynəlxalq turnirləri ilə müqayisə oluna bilər.

Sonda şahmatçılarla xatirə şəkili çəkilib.