Hansı bəstəkarlar musiqi bəstələmir? İlham Əliyevlə müsahibə

Sumqayıt şəhərinin şahmat üzrə baş məşqçisi, şahmat bəstəçiliyində Azərbaycan yığma komandasının baş məşqçisi, şahmat bəstəçiliyi üzrə idman ustası və beynəlxalq hakim, əməkdar məşqçi İlham Əliyev tehsilchess.az-a müsahibə verib. O, Azərbaycan Şahmat Federasiyası Bəstəçilik komissiyasının sədridir. Şahmat bəstəçiliyi üzrə 2006, 2009, 2012-ci illərdə (çempionat 3 ildən bir keçirilir) etüd bölməsi üzrə Azərbaycan çempionu olub. 2010-cu ildə Drezden Şahmat Olimpiadası turnirində gümüş medal alıb, 2011-ci ildə Dünya kubokunun etüd bölməsində xüsusi mükafata layiq görülüb. Nəinki ölkəmizdə, həm də bir çox xarici ölkələrdə (Rusiya, Fransa, Türkiyə, İtaliya, Serbiya, Çexiya, Yaponiya), dünya çempionatlarında və dünya kubokunda hakim olub. Şahmat bəstəçiliyinin «Qızıl kitabı» olan FIDE Albomu 2010-2012-ci illər üçün hakim seçilib. 6 şahmat bəstəsi FİDE Albomuna seçilib. 150-dən çox beynəlxalq yarışın təşkilatçısıdır. Bir sıra xarici şahmat bəstəçiliyi jurnallarında (Rusiya, Fransa, İngiltərə) etüd nəzəriyyəsinə dair məqalələri dərc olunub. İ.Əliyevlə geniş müsahibəmizdə məşqçi fəaliyyəti, bəstəçilik sahəsində uğurlar və digər mövzular haqda danışmışıq.

– Müsahibəyə məhz bir neçə gün əvvəl başa çatan məktəblilərin Azərbaycan çempionatı ilə başlamaq istəyərdim. Ölkəmizdə növbəti dəfə bu turnirdə oyunların canlı şərhi reallaşdı və yetəri qədər uğurlu alındı. Bu ideyanın müəllifi kim idi?

– “Təhsil” Respublika İdman Mərkəzinin yaş qrupları Azərbaycan birinciliyinin finalında ilk dəfə olaraq canlı yayım 2017-ci ildə Göyçay şəhərində həyata keçirilib. Bunun müəllifi “Təhsil” İdman Mərkəzinin şahmat üzrə baş məşqçisi Raul Quliyevdir. 2018-ci ildə isə canlı yayımda oyunların şərh edilməsi ilk dəfə olaraq mənə tapşırıldı. Mən isə bu cür işi heç vaxt etməmişdim. Buna baxmayaraq, tam məsuliyyəti başa düşərək bu işə razılıq verdim. Düzdür, təcrübəm də yox idi. Sözsüz ki, biraz araşdırma apardım. Lakin o zaman müəyyən çətinliklərimiz oldu. Çünki internet tam istədiyimiz kimi deyildi. Ancaq buna baxmayaraq şərh elə də pis alınmadı. Ona görə yenidən bu işi görməyə dəvət aldım. Bu il Ağsu şəhərində keçirilən finalda isə məncə işlərimiz lap uğurlu oldu və çox yüksək səviyyədə keçdi. Fürsətdən istifadə edib “Təhsil” RİM rəhbərliyinə və Raul Quliyevə təşəkkür etmək istəyirəm. Çünki bu cür addım bir çox pis halların qarşısını alır. Təsəvvür edin ki, bəzi valideynlər oyunları pəncərədən, hətta binokl ilə izləyirlər. Oyun zamanı içəri keçib müəyyən maneçiliklər törədirdilər. Canlı yayım bütün bunların qarşısını alır. Çox qəribədir ki, bu AŞF-nin keçirdiyi respublika birinciliyində tətbiq olunmur, halbuki buna bütün imkanlar var. Yaxşı olar ki, orada da bu, tətbiq olunsun. Yarışların səviyyəsi artsın. Canlı yayım, canlı şərh çox yaxşı bir şeydir. Təsəvvür edin ki, yarış zalına daxil olanlardan bir çoxları xahiş edir ki, şagirdimin, övladımın vəziyətinə bax, bizə çatdır. İndi isə valideynlər, məşqçilər oyunları canlı izləyərək hər şeyi bilirlər. Arzu edərdim ki, bu təşəbbüs davam etdirilsin və ildən-ilə yaxşılaşdırılsın. İki ildir bu işi mən görürəm. Çalışıram hər dəfə daha yaxşı olsun. Minnətdarlıqlar var, çoxu razılıq edir. Artıq bu işi görən xüsusi komandamız yaranıb. Biz də çalışırıq ki, imkan daxilində hər şey yaxşı keçsin. İki il ərzində bu sahədə böyük təcrübə yığdıq və çalışacağıq ki, gələcəkdə işimizi daha da təkmilləşdirək.

– Uzun müddətdir ki, şahmat müəllimisiniz və əməkdar məşqçisiniz. Bu uzun məşqçi fəaliyyətinizi qısa necə şərh edərdiniz?

 

– Bu il artıq 30-cu ildir ki, şahmat məşqçisi işləyirəm. 1990-ci ildə Bədən Tərbiyə və İdman Akademiyasını bitirib Sumqayıt şahmat məktəbində işə başlamışam və bu günə kimi o məktəbdə işləyirəm. 30 illik işi qısa demək çox çətindir, sözsüz ki, əsas işim şagirdlərim olub. Müəllimi şagirdləri, şagirdi də müəllimi ilə tanıyırlar. Şagirdlərim arasında ölkəmizdə tanınmış çoxsaylı şahmatçılar olub. Müəyyən müddət beynəlxalq qrossmeysterlər Vasif Durarbəyli, Türkan Məmmədyarovanın müəllimi olmuşam. Beynəlxalq qrossmeysterin son normasını dolduran Misrətdin İsgəndərov, beynəlxalq usta, məktəblilərin ikiqat dünya çempionu Murad İbrahimli, FIDE ustası Murad Nuri və Zaur Bayramov, məktəblilərin ikiqat Avropa ikincisi Səbinə Rzalı və s.

– Azərbaycan Şahmat Federasiyası Bəstəçilik komissiyasının sədrisiniz. Hazırda bu sahədə vəziyyət necədir?

– Uzun illər bu sahədə çox yüksək nəticələr göstərmişik. 2002-ci ilədək qeyri-rəsmi, 2002-ci ildən isə rəsmi olaraq bu işlə məşğulam. Əvvəllər komissiyamızın sədri Mahir Məmmədov idi. Onun gəlişi ilə komissiyamızda çox böyük canlanma oldu. Bir neçə ildən sonra Mahir müəllim Şahmat Federasiyasının vitse-prezidenti oldu və Bəstəçilik komissiyasının sədrliyini mənə tapşırdılar. Şahmat bəstəçiliyi 2 hissəyə bölünür: həlletmə və tərtib. Həlletmə və tərtib üzrə çoxsaylı tədbirlərimiz olur. Özüm şahmat etüdləri tərtibçisiyəm. 150-yə yaxın yarışda uğur qazanmışam. Müxtəlif şahmat bəstəçilərimiz var ki, çox uğurlu tərtib edirlər. Elmar Abdullayev, Süleyman Abdullayev, Araz Alməmmədov, Mübariz Səfərov, Nərminə Ruzicəng, Ramil Səfərəliyevin adlarını çəkə bilərəm. Hal-hazırda bir az durğunluq keçiririk. Ona görə ki, son illər yarışlar keçirmək üçün maliyyə problemimiz var.

– Sosial şəbəkənin daimi istifadəçilərdənsiniz. “Feysbuk” hesabınızda şahmat bəstəçiliyi komandasının cəzalandırılması ilə bağlı status yerləşdirmişdiniz. Kifayət qədər uğuru olan komandamız niyə cəzalandırılıb?

 

– Bəli, “Feysbuk”da belə bir status paylaşmışdım. Bu da əbəs yerə deyil. Çünki 2014-cü ildə İsveçrənin paytaxtı Bern şəhərində dünya çempionatında və 2017-ci ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa çempionatında 2-ci yeri tutub gümüş medal qazandıq. 2015-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində Zaur Məmmədov dünya kubokunun qalibi oldu. Misrətdin İsgəndərov, Rəşad Zeynallı, Bəhruz Rzayev dəfələrlə gənclər arasında dünya və Avropa çempionatının qalibləri və mükafatçıları oldular. Dünya həlletmə 100-lüyündə 6 Azərbaycan şahmatçısı var. Lakin bütün bu nəticələrə baxmayaraq, 2016-cı ildən sonra bizim komandamız heç bir Avropa və dünya çempionatına göndərilmədi. Azərbaycan Şahmat Federasiyası tərəfindən maliyyə problemləri bəhanə edilərək bizim bu yarışlara getməyimizin qarşısı alınıb. Halbuki şahmat federasiyası bütün yarışlarda tam heyətlə iştirak edir. 5-6 nəfərdən ibarət yığma komandanı ildə 2 dəfə dünya və Avropa çempionatına göndərmək belə çətindir? Dünya və Avropa kubokunda qalibiyyətə görə heç bir şahmatçımız mükafatlandırılmadı. Heç olmasa, onların dünya və Avropa çempionatına göndərməklə bunu etmək olardı. Ukrayna və Rusiya şahmatçılarına həlletmə və tərtib üzrə dünya və Avropa çempionatlarında yüksək pul mükafatı verilməsindən sonra bu statusu paylaşdım və “dırnaqarası cəzalandırıldı” sözünü yazdım. Həqiqətən də şahmatçılar heç bir mükafat almadı və üstəlik də dünya və Avropa çempionatına buraxılmadı. Bu isə cəzalandırılmaq kimi bir şeydir. Necə deyərlər – “mükafatsız minnətdarlıq töhmətdən də pisdir”. Bu qədər nəticəmiz olduğu halda artıq üç ildir dünya və Avropa çempionatlarına ezam edilmirik.

– İki kitab müəllifisiniz. Hansı zərurətdən bu kitabları yazmağa qərar verdiniz? Ümumiyyətlə, şahmatçılar arasında kitablara maraq necə oldu?

 

– 2015-ci ildə 37 illik yaradıcılığıma həsr olunmuş kitabımı təqdim etdim. Bir çox şahmatçı mənə müraciət edirdilər ki, niyə kitab yazmırsınız? Mən isə düzü, tələsmirdim. Sonradan 11-ci əsrdə yazılmış türk xalqlarının ortaq ədəbi sərvətlərindən olan “Qutadqu bilik” kitabındakı “Kitabsız iş yaxşı yadda qalmaz” kəlamını əsas tutaraq işlərimi tezləşdirdim. Necə deyərlər, insan yaşadığını yazar. Mən də 37 illik yaradıcılığımı yazdım. 2018-ci ildə isə “Ölməz manevr” kitabını yazdım. Şahmatın sonluq fəndinə həsr olunmuş bir kitab idi. Kitablarım 10-dan artıq ölkəyə yayıldı. Şükür Allaha, hamısını satıb, qurtara bildim. Kitaba maraq böyükdür. Çünki Azərbaycan dilində kitablar yox dərəcəsindədir. Bir çox şahmat federasiyalarında kitab komissiyaları var. Bizdə də elə bir komissiyanın olmasını çox arzulayıram. Bizim kitab yazmaq səviyyəsində olan bir çox məşqçimiz var. Yaxşı olardı ki, hər bir qrossmeysterimiz öz yaradıcılığına həsr olunmuş kitab yazsın. Sərxan Quliyevin kitabları Azərbaycan dilinə tərcümə olunsun. Yeni kitablar da yazıram. Məsələn “Şahmatdan məntiq testləri”. Rəngli şəkillərlə əyləncəli bir kitabdır. Axı nə qədər ciddi dərslər keçmək olar? Hərdən şahmatı bir az da əyləncə formasına keçirmək lazımdır. Şagirdlərimlə yoxlamışam. Çox maraqlı alınır. Xahiş edirlər ki, dərsləri həmişə belə aparaq. Lakin təəssüflər olsun ki, çox xərc tələb edir. İki kitabımı öz hesabıma çıxarmışam. Amma hər dəfə bunu etmək çətin olur. Sözsüz ki, bir az dəstək olsaydı, işimiz daha asan olardı. Onu da qeyd edim ki, bundan əlavə məndə 5-6 kitabın da əlyazma formasında hazır materialı var. Dəstək gəlsə, onları da çıxara bilərəm.

– Şagirdiniz Misrətdin İskəndərov qrossmeyster normasının 3-cü-son balını yığdı. Bu barədə fikirlərinizi bilmək istəyərdik. Ümumiyyətlə, neçə şagirdiniz bu normanı doldurub?

– Bəli, bu yaxınlarda Misrətdin İskəndərov Türkiyədə keçirilən beynəlxalq turnirdə qrossmeyster norması nın 3-cü balını topladı. İndi sənədlərini FİDE-yə təqdim etmək üçün hazırlayırıq ki, növbəti konqresdə ona beynəlxalq qrossmeyster adı verilsin. Bu il Murad İbrahimli də beynəlxalq usta oldu. Ümid edirəm ki, o da beynəlxalq qrossmeyster olacaq. Daha bir tələbəm Uğur İlyaslının isə 1 beynəlxalq usta balı var. Onun da bu normanı dolduracağına inanıram. Müşfiq Əsgərovun başı indi məşqçiliyə qarışıb. Amma onun da beynəlxalq usta balları var idi. Son illər praktiki şahmatdan uzaqlaşdığı üçün normanı doldura bilmədi. Səbinə Rzalının da qrossmeyster olacağına inanıram.

– Ölkəmizin rayonlarına çoxlu sayda yarışlara gedirsiniz. Rayonlarımızdakı şahmatın durumu sizi qane edir?

– Səhv etmirəmsə, ölkəmizdə 58 şahmat məktəbi var. Bir çox bölgələrimizdə şahmat yüksək səviyyədədir. Misal olaraq Naxçıvan, Quba, Lənkəran, Şəki, Ucar, Mingəçevir, Göyçayı qeyd etmək olar. Aparıcı şəhərlər sözsüz ki, Bakı, Sumqayıt, Gəncədir. Məncə, harada yaxşı məşqçi varsa, orada yaxşı şahmatçılar yetişir. Qax şahmat məktəbini də qeyd etmək istəyərdim. Kiçik bir rayon olsa da, orada Aynur Sofiyeva və Pərvanə İsmayılova kimi tanınmış şahmatçılar yetişib. Ağsu şəhərində keçirilən son yarış sübut etdi ki, kiçik rayonlarda yaxşı yarışlar təşkil etmək olar. Sözsüz ki, şahmat məktəblərinin şəraitindən, inventarından və məşqçilərindən çox şey asılıdır. Yerli kadrlar olduqda, həmin rayonda şahmatı inkişaf etdirmək mümkündür. Harada kadrlar çatışmırsa, orada yarışlar keçirmək, şahmatı təbliğ etmək, yeni şahmatçılar cəlb edib gələcəkdə məşqçiliyə yönəltmək lazımdır. Çünki istənilən məktəbdə məhz həmin məktəbin şagirdləri gələcəkdə inkişafa kömək olurlar.

– Sumqayıt şahmat məktəbinin Azərbaycan şahmatında xüsusi yeri var. Bu şəhər çoxlu istedadlı şahmatçı yetişdirib. Ancaq gənclər şəhərində turnirlərin təşkili çox az saydadır. Bununla bağlı hər hansı bir planlar varmı?

– Sumqayıt şahmat məktəbinin inkişafında yerli müəllimlərin çox böyük rolu var. Bizdə çox təcrübəli məşqçilər var. Yəni, onlar da vaxtilə həmin məktəbin şagirdləri olublar. Şəhərimizdə artıq 5 qrossmeyster və 2 beynəlxalq usta var. İnşallah, bunların davamı da gələcək. Yarışlarımız azdır. Bu da ilk növbədə yerləşmə ilə bağlıdır. Son bir neçə ildir ki, biz turnirlərin sayını artırmışıq. Məsələn, artıq 3 il ard-arda fevral ayında məktəbimizin ilk direktoru və ilk müəllimlərindən olan Hamlet Rzayevin xatirəsinə həsr olunmuş beynəlxalq reytinq yarışı keçiririk. Bundan əlavə kişilər və qadınlar arasında Sumqayıt çempionatı da bir neçə ildir ki, beynəlxalq reytinq hesablama ilə keçiririk. Sözsüz ki, çalışacağıq yarışların sayını artıraq. Məktəbimizin daxili yarışları isə lazımi qədərdir. İldə 4 dəfə məktəbin təsnifat yarışlarını keçiririk. Hər şənbə günü ənənəvi tempo-turnir təşkil edilir və 5 + 3 saniyə vaxtla gündə 9 tur olmaqla aparılır.

– 30 illik məşqçi fəaliyyətində sizin üçün ən unudulmaz hadisə nə olub?

– 30 illik məşqçilik fəaliyyətim ərzində ən unudulmaz hadisə sözün düzü, hər zaman şagirdlərimin nəticəsi olub. Məşqçiliyimin ilk günlərində arzulayırdım ki, kaş bir tələbəm Respublika birinciliyində yer tutardı. Məşqçiliyimin 2-ci ilində bu arzum həyata keçdi. Sonra şagirdlərim dəfələrlə Respublika çempionu olmağa başladılar, beynəlxalq yarışlardan medallar gətirdilər. Sonra dünya və Avropa çempionatlarından medal arzuladıq. Şagirdlərimiz onu da etdilər. Nəticə qazanıldıqca, insan üçün adiləşməyə başlayır. Ona görə də ən unudulmaz hadisə kimi ancaq şagirdlərimin uğurlu nəticələrini qeyd edərdim. Və bir də sözsüz ki, məşqçilik işimin şagirdlərim tərəfindən davam etdirilməsi. Artıq bir çox şagirdim məşqçilik edir: Ramil Allacov və Murad Nuri Türkiyədə, Cəbrayıl Əsədov ABŞ-da, ölkəmizdə isə Müşfiq Əsgərov, Rəşad Həsənov, Aysel Bəxtiyarlı, Ülviyyə Məlikova, Lalə Rzabəyli, Ələkbər Təhməzov və Ağazahir İlyaslı.

– Siz “Olimpiya dünyası” qəzeti ilə sıx əməkdaşlıq etmisiniz, qəzet vasitəsi ilə bəstəçilik üzrə müxtəlif beynəlxalq yarışlar keçirmisiniz.

– Öncə onu qeyd edim ki, hər hansı bir ölkədə şahmat bəstəçiliyinin vəziyyətindən danışmazdan öncə onun mətbuatı ilə tanış olmaq lazımdır. Çünki istənilən şahmat məsələ və ya etüdünün doğum tarixi onun mətbuatda dərc olunduğu gün sayılır. Ölkəmizdə bir sıra qəzetlər olub ki, onların şahmat bəstəçiliyinin inkişafında xüsusi çəkisi var. 20-ci əsrin əvvəllərində “Bakinski raboçiy” qəzeti, 1970-ci illərin əvvəllərində Aleksandr Sarıçevin, sonra isə Bəxtiyar və Lütfiyar Rüstəmov qardaşlarının redaktoru olduğu “Bakı” axşam qəzetində açılmış şahmat bəstəçiliyi guşəsinin fəaliyyətinin nəticəsi olaraq bir çox məşhur şahmat bəstəçiləri yetişdi. 2004-cü ildən KİV-lərdə yer alan şahmat guşələri estafetini Milli Olimpiya Komitəsinin rəsmi mətbuat orqanı olan “Olimpiya dünyası” qəbul edib. Guşə 2004-cü ilin sonundan başlayaraq fəaliyyət göstərdi. Qəzetin şahmat guşəsində bir çox bölmələr üzrə (etüdlər, ikigedişli, üçgedişli, çoxgedişli) illik tərtib yarışları keçirilirdi. Bu günə kimi qəzetin səhifələrində dünyanın bir çox ölkələrindən 1200-dən artıq məsələ və etüd dərc olunub. Qeyd edim ki, «Olimpiya dünyası» qəzeti şahmat bəstəçiliyi dünyasında brendə çevrilmişdi. Etiraf edim ki, şahmat bəstəçiləri və həllçiləri arasında bu qəzeti tanımayan sima yoxdur. Dediklərimi internetə daxil olub, çox asanlıqla yoxlamaq olar. 
Biz «Olimpiya dünyası» qəzetinin vasitəsilə şahmat bəstəçiliyinin inkişafına böyük təkan verdik. Bu qəzet sayəsində keçirilən yarışlar çox obyektiv və operativ təşkil olunurdu. Məsələ və etüdlərin tərtibi üzrə beynəlxalq yarışlarımızın nəticələri çap olunan sayları imkan düşdükcəı özümlə yarışlara aparırdım və federasiya rəsmilərinə, yarış iştirakçılarına təqdim edirdim. Dünyanın ən məşhur şahmat bəstəçiləri artıq bu qəzeti yaxından tanıyır və dəfələrlə qəzetimizin guşəsində dərc olunublar. Hətta məndə həmin məşhurların «Olimpiya dünyası» qəzetini oxuyarkən çəkdiyim şəkillər kolleksiyası var. Qeyd edim ki, qəzetimizin keçirdiyi beynəlxalq yarışlarda dünyanın bir çox ölkələrini təmsil edən şahmat bəstəçiləri iştirak ediblər. «Olimpiya dünyası» ilə birlikdə 34 yarış təşkil etdik. Bu yarışlarda iştirak edən məsələ və etüdlər şahmat bəstəçiliyinin «Qızıl Fondu» adlandırılan FIDE Albomuna daxil olub. Qəzetimizin səhifələrində dərc olunmuş etüd 2011-ci ildə İtaliyanın Jesi şəhərində keçirilən Ümümdünya Şahmat Bəstəçiliyi konqresində 2010-cu ilin etüdü seçilib. Bu bizim təşkil etdiyimiz yarışların beynəlxalq nüfuzundan xəbər verir.

– 10 il “Olimpiya dünyası” qəzetində şahmat guşəsinin redaktoru oldunuz. Dünyada məşhurlaşmış guşənin birdən bağlanma səbəbi nə idi?

– Bu mənim ağrılı yerimdir. 10 il əməyim getdi bu qəzetə. Həqiqətən də bu qəzetə çox böyük əmək qoydum və qısa müddətə bütün şahmat bəstəçiliyi aləmində onu məşhurlaşdırdıq, brendə çevirdik. Əksər şahmat bəstəçiləri “Olimpiya dünyası” qəzetinin guşəsini dünyanın ən yaxşı və operativ guşəsi sayırdı, hər yerdə bu guşəni nümunə göstərirdilər. Guşəmizin bir çox məsələ və etüdləri FIDE Albomuna daxil edildi və bugünə kimi şahmat və şahmat bəstəçiliyi aləmində bu guşənin bəstələri dərc olunur. Ancaq işə, xüsusilə yaxşı işə dəyər verilmədikdə onu etmək həvəsin geci-tezi ölür. Mənim səbrim 10 ilə çatdı, azdır ya çoxdur bunu siz ölçün (gülür).

Qəzetin materiallarını kitaba çevirmək planım var, lakin bu da böyük xərc tələb edir. Ona görə də sponsor tapmaq lazım olacaq, çünki bu artıq bizim tariximizdir. Yəqin ki, Milli Olimpiya Komitəsinə müraciət etmək lazım gələcək, axı qəzet onların mətbuat orqanıdır.

– Bir az da etüd yaradıcılığından söhbət edək. Bu, necə baş verir?

– Tez-tez şahmatçılar məndən etüdün necə tərtib edildiyini soruşurlar. Gəl indi bu suala cavab ver. Axı mən ayaqüstü, qısaca bunu necə başa salım. Bir dəfə Tolstoydan soruşurlar: «Anna Karenina”nı bir cümlə ilə necə təsvir edərsiz? Tolstoy cavab verir: «bir cümlə ilə təsvir olunsaydı, o boyda əsər yazmazdım». Etüdlərim necə yaranır? Etüd bəstəçilərinin gördüyünü heç də hər şahmatçı görmür. Etüd tərtibi yolları çoxdur. Bəzisi illər çəkir, bəzisi yarım saat ərzində hazır olur. Yuxuda gördüyüm də olub, yolda getdiyim yerdə lövhəsiz tərtib etdiyim də, digər bəstəçilərin əsərlərinə düzəliş və ya əlavə edərək şərik də olmuşam. Mən yaradıcılıqda azad insanam, etüddə hər şeyi sevirəm. Həm də nə alınırsa onu da tərtib edirik. Mövzu üzrə işləməyi heç xoşlamıram, mənim fikrimcə bu etüddə yaradıcılığı məhdudlaşdırır. Bəzən hər hansı bir mövzunu daha yaxşı başa salmaq üçün şagirdlərim üçün kiçik etüdlər də düzəldirəm. Ancaq vaxt amili də çox böyük rol oynayır, çünki getdikcə tərtibə sərf etməyə vaxt az qalır. Bu işdə qazanc yoxdur, yəni olsa da özünü dolandırmaq səviyyəsində deyil. Yaradıcı insanlara ailənin çox böyük dəstəyi olur. Məsələn məşhur etüd bəstəçisi A.Kuznetsov ömrünün sonuna kimi evlənməyib, ondan bunun səbəbini soruşduqda o bunu belə başa salırdı: axı mənim gün ərzində oturub şahmat taxtasına baxmağımı hansı qadın başa düşər (gülür). 
Maraqlıdır ki, mən «ilham pərisinin» gəlməyini çox zaman hiss edirəm, bu yəqin ki, illərin təcrübəsi ilə bağlıdır və bu zaman kompüterimi açıram və həqiqətən də belə hallarda işim çox yaxşı alınır. Yaradıcılıq üçün nə vacibdir: Fantaziya! Ancaq bilik də çox vacibdir. Şahmat bəstəçisi çoxsaylı etüdlərlə tanış olmalıdır. Və sözsüz ki, yaradıcılıq Tanrı vergisidir! Deməli bu həm də istedaddır. Məşhur türk yazıçısı, 2006-cı ildə ədəbiyyat üzrə Nobel mükafatını alan Orhan Pamuk müsahibələrinin birində “Şeir sizcə nədir?” sualına: Şeir Tanrının bəzi özəl qullarına pıçıldadığı sözlərdi, cavabını verib. Bu sözləri azacıq dəyişdirərək belə deyərdim: «Etüd Tanrının bəzi şahmatçıların qulağına pıçıldadığı mövqelərdir». Abbas Səhhətin məşhur şeirini isə öz sahəmizə belə uyğunlaşdırardım: etüdü sevməyən şahmatçı olmaz, olsa da ondan şahmatçı çıxmaz (gülür).

– Ailənizdə şahmatla məşğul olan var?

– 8-ci dünya çempionu M.Tal dediyi kimi ”ailə üçün hətta bir şahmatçı da çoxdur”. Bizdə evdə hər ixtisasdan bir nəfər var. Həyat yoldaşım kimyaçı, qızım rəssam, oğlum ADNSU-nun elektron-energetika mühəndisliyini oxuyur, cüdoda müəyyən nəticələri olub, indi isə musiqi ilə çox maraqlanır, gitara və pianinoda ifa edir, motivasiya və uğur təlimçiliyi ilə məşğul olur.

– Gənc şahmatçılara və şahmat bəstəçilərinə məsləhətiniz nədir?

– Oxusunlar, çoxlu mütaliə etsinlər. Daim çalışmaq, oxumaq, araşdırmaq lazımdır, təhsilinizi artırmaq, yarışlarda iştirak etmək və səbirli olmaq lazımdir. Geci-tezi əziyyətiniz bəhrə verəcək. İnsan qocala bilər, ancaq köhnəlməyə ixtiyarı yoxdur. İnsanın özü üzərində daim işləməsi çətin görsənə bilər, ancaq bu, çox vacib amildir. Başqa cür inkişaf mümkün deyil. Öyrənmək uğurun əsas yoludur. Ən əsası isə özlərinə qarşı çox tələbkar olsunlar. Sədi Şirazı demişkən: «Qüsurunu özünə söyləməyən adam, ayıbını hünər sayar».

– Maraqlı müsahibəyə görə təşəkkür edirik və sizə yeni yaradıcılıq uğurları arzulayırıq.

– Çox sağ olun. Təşəkkür edirəm. Sonda isə bir maraqlı sualı oxucularımızla bölüşmək istərdim. Rusiyanın məşhur “Şto, qde, koqda” verilişində belə bir sual verilmişdi: hansı bəstəkarlar musiqi bəstələmir? Cavabı oxucuların öhdəsinə buraxıram, məncə bu məqaləni oxuduqdan sonra, onu tapmaq elə də çətin olmaz.

 

Aysel BƏXTİYARLI