Komandalararası Avropa çempionatı start götürür

Bu gün (12.11.2021) Sloveniyanın Terme Katez şəhərində kişilər və qadınların komandalararası Avropa çempionatı start götürür. Kişilərin mübarizəsində 38 ölkədən 39, qadınlarda isə 30 ölkədən 31 komanda iştirak edəcək. Hər iki yarış isveçrə sistemi ilə 9 turdan ibarət olacaq və oyun nəzarət vaxtı 40 gediş üçün 90 dəqiqə + oyunun qalan hissəsi üçün 30 dəqiqə, 1 gedişdən etibarən hər gedişə 30 saniyə artımla oynanılacaq.

Eltac Səfərlinin kapitanlığı ilə yarışa qatılan kişilərdən ibarət milli yığmamızın heyyəti Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abasovdan ibarət olacaq. Yarışın başlanğıc sıralamasında kişilərdən ibarət yığmamız komanda üzvlərinin orta reytinqə görə 2-cidir (2717). Üzvlərinin orta reytinqinə görə yarışın reytinq favoriti isə Rusiya yığmasıdır (2720). Yarışın linki>

Heyyəti Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayevadan təşkil olunan qadınlardan ibarət milli yığmamız Fikrət Sideifzadənin kapitanlığı ilə Avropa çempionatında iştirak edəcək. Qadınlardan ibarət milli yığmamız üzvlərinin orta reytinqinə görə başlanğıc sıralamada turnirin 5-cisidir. Yarışın linki>

Tədbirin açılış mərasimi virusla bağlı məhdudiyyətlərlə əlaqədar iki hissədən ibarət olacaq. Birinci hissə komanda kapitanları, nümayəndələr və rəsmilərin iştirakı ilə dünən keçirilib. Açılış mərasiminin ikinci hissəsi, bütün iştirakçılar üçün, birinci turdan əvvəl, cümə günü, Bakı vaxtı ilə 17:30-dan başlayaraq baş tutacaq.

İlk tur Bakı vaxtı ilə saat 18:00-da start götürür.

Yarışlara 21 noyabr tarixində yekun vurulacaq.

Qeyd edək ki, kişilərdən ibarət yığmamız üçqat Avropa çempionudur. Qadınlardan ibarət yığmamız isə sonuncu Avropa 3-cüsüdür (Batumi-2019).