Abasov Nicatla xeyriyyə məqsədli eynivaxtlı oyun seansı

21 aprel 2021-ci il tarixində Beynəlxalq Qrossmeyster Nicat Abasovun təşəbbüsü ilə xeyriyyə məqsədli eynivaxtlı oyun seansı keçiriləcək.

Əməkdar məşqçi Mahir Cəfərovun qızı – yeniyetmə şahmatçı Ləman Cəfərova uzun müddətdir qan xərçəngi xəstəliyindən müalicə olunur. Müalicə xərclərinin bahalı olması, ailəsinin maddi imkanının tükənməsi onun müalicəsinə maddi yardım olunması zərurətini yaradıb. Ləman aparılan müalicələr nəticəsində səhhətində müəyyən irəliləyişlər əldə edib. Bir müddətdir şahmat ictimaiyyəti tərəfindən dəstək göstərilən yeniyetmə şahmatçımıza bundan sonra da dəstək göstərilməsinə ehtiyac var.

Qeyd edək ki, Ləman Cəfərova 2007-ci ildə Bakı şəhərində anadan olub, hazırda Binə qəsəbəsində yerləşən 121 saylı orta məktəbin 8-ci sinif şagirdidir. “Təhsil” RİM-in 3 nömrəli RİOEUGİŞM-in şagirdi olmuş Ləman bir neçə illik şahmat karyerası boyunca respublika şahmat olimpiadasında, Bakı və Azərbaycan çempionatlarında uğurlu çıxışı ilə yadda qalıb.

Beynəlxalq Qrossmeyster Nicat Abasov, məhz, Ləmanın müalicəsinə dəstək məqsədilə eynivaxtlı oyun seansı təşəbbüsü ilə çıxış edib. Seansda qeydiyyatdan keçən ilk 25 şahmatçı iştirak edəcək. Əgər iştirak üçün müraciət sayı 25-dən çox olarsa seansın 2 gün ərzində keçirilməsi nəzərdə tutulur. Oyuna nəzarət vaxtı 30 dəqiqə + 10 saniyə/hər gedişədir. Seansçıya əlavə 30 dəqiqə vaxt verilir.

Seansa Ləmanın sağalması üçün 10 AZN (və ya yuxarı)  dəstək göstərəcək hər bir kəs qatıla bilər.

Qeydiyyatdan keçmək üçün şahmatçının adı, soyadı, təvəllüdü, lichess istifadəçi adı və ödənişin qəbzi (və ya ekran görüntüsü-skrinşutu) “Whatsapp”-la 050-753-00-86 (Cavid Səmədov) nörməsinə göndərilməlidir. Qeydiyyat 21 aprel saat 18:00-da başa çatır.

Seans 21 aprel axşam saat 19:30-da www.lichess.org portalında – https://lichess.org/team/abasovchess virtual klubunda baş tutacaq. Seansın başlama vaxtından ən azı 15 dəqiqə öncə portala qoşulmağınız xahiş olunur.

Qeyd edək ki, Nicat Abasov seans zamanı oyunları canlı olaraq şərh edəcək. Canlı yayımı izləmək üçün aşağıdakı kanala abunə olun: https://www.twitch.tv/abasovchess

Ödənişlə bağlı əlavə suallarınız üçün: 051-343-54-11