Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş şahmat üzrə onlayn respublika birinciliyi

“Təhsil” Repsublika İdman Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Şahmat Fedarasiyasının dəstəyi ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş şahmat üzrə onlayn respublika birinciliyi keçiriləcək. Komanda xarakterli rapid yarış 5-7 fevral 2021-ci il tarixlərində www.tornelo.com internet portalı üzərindən təşkil olunacaq. Tornelo yenilənmiş platformadır və güclü anti-çitinq sistemi ilə fərqlənir. Burada yarışı avtomatlaşdırılmış sistem deyil, hakimlər heyəti idarə edir.

İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq birincilikdə matçlar 6 lövhədə oynanılacaq. Komandaların tərkibi 4 oğlan, 2 qız və 1 kapitandan ibarətdir. Oyuna nəzarət vaxtı 10 dəqiqə, üstəgəl hər gedişə 5 saniyə artımla (10min+5sec/move) nəzərdə tutulur. Şahmatçılardan oyunlarını video nəzarət altında keçirmələri tələb olunur. Yarış haqqında ətraflı məlumat, qeydiyyat proseduru, əsasnamə və digər məlumatlar yarışın internet səhifəsində yerləşdirilib: https://www.team.tehsilchess.az/

Yarışın nəticələrinə görə ilk 3 yeri tutmuş komandalar “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplomları ilə təltif olunacaq. Komandanın üzvləri (6 oyunçu və kapitan) isə müvafiq dərəcəli diplomlar və pul mükafatı ilə mükafatlandırılacaqlar. Bundan əlavə hər bir lövhə üzrə ilk 3 yeri tutmuş şahmatçılar da “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplomları ilə təltif olunacaqlar.

Respublika birinciliyinin keçirilməsində əsas məqsəd Nizami Gəncəvinin 880 illiyinin qeyd olunması, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli şahmat (Rapid) üzrə qalib komandaların müəyyənləşdirilməsi, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların oyun təcrübələrinin  artırılmasıdır.