Onlayn Avropa çempionatından 2 medal!

18-20 sentyabr 2020-ci il tarixlərində Avropa Şahmat Birliyinin (ECU) təşkilatçılığı ilə keçirilən Gənclər arasında onlayn Avropa çempionatı (Rapid üzrə) başa çatdı. 40 ölkədən 750-ə yaxın şahmatçının qatıldığı Avropa çempionatı 4 yaş qrupu üzrə 8 kateqoriyada (12, 14, 16, 18 yaşadək oğlanlar və qızlar) keçirilib. 25 dəqiqə + 10 saniyə/hər gedişə – nəzarət vaxtı ilə keçirilən yarış gərgin idman mübarizəsi şəraitində keçib. Şahmatçılar yerli federasiyaların təşkil etdiyi oyun zonalarında toplanaraq yerli hakimlər və kamera nəzarəti altında oyunlarını keçiriblər.

12 yaşadək şahmatçılar arasında 10 yaşlı Cahandar Azadəliyev (AHİTA) 9 oyundan 8 xalla Avropa çempionu adına sahib olub. Bu Cahandarın 2-ci Avropa çempionluğudur. 2018-ci ildə isə 8 yaşadək oğlanlar arasında dünya 2-cisi olmuşdu.

18 yaşadək qızların mübarizəsində isə 4 nömrəli İOEUGİŞM-in yetirməsi Ləman Hacıyeva 9 oyundan 7 xalla Avropa 3-cüsü olub.

14 yaşadək oğlanların mübarizəsində 3-4-cü yerləri bölüşən Read Səmədov yalnız əlavə əmsala görə 4-cü olub. 16 yaşadək oğlanların mübarizəsində 3 nömrəli RİOEUGİŞM-in yetirməsi Əhməd Əhmədzadə 4-cü yerə layiq görülüb.

Nəticələrin linki