“Onun şəklini görəndə içimdən qrossmeyster olmaq hissi keçirdi” – Xanım Balacayeva

Qadınlardan ibarət şahmat millimizin üzvü və qadınların sonuncu Azərbaycan çempionu Xanım Balacayevanın tehsilchess.az saytına müsahibəsi

– Şahmata gəlişin necə olub?

– Atam və anam şahmat müəllimləridir. Onların istəyi ilə 5 yaşından şahmatla məşğul olmağa başlamışam. Sonra özümün də çox marağı olduğu üçün davam etdirmişəm.

– Qaxdan Aynur Sofiyevadan sonra millidə oynayan ikinci şahmatçısan. Onun qaxlı olmasının şahmatçı karyeranda nə kimi rolu olub?

– İlk görüşüm Aynur xanımla 3 yaşımda olub. Sonradan Qax şahmat məktəbində onun şəklini görəndə içimdən qrossmeyster olmaq hissi keçirdi. Həmişə də bir qaxlı kimi Aynur xanımla fəxr etmişəm.

– Onu kumirin hesab etmisən?

– Xeyr. Aynur Sofiyeva kumirim olmayıb.

– Qax şahmat məktəbinin karyerandakı rolu barədə fikirlərini bilmək istəyərdik.

– Atam və anam uzun müddət Qax Şahmat məktəbində məşqçi işləyiblər. Bütün məşqlərim onlarla şahmat məktəbində keçib.

– Valideynlərinin şahmat məşqçisi olmasının nailiyyətlərində nə kimi təsiri olub?

– Əlbəttə. Valideynlərimin hər ikisinin şahmat müəllimi olmasının mənim şahmatçı kimi yetişməyimdə çox böyük rolu olub.İstər qələbə, istərsə də məğlubiyyətdə hər zaman mənə dəstək olublar.

– Nə vaxtdan Bakıda məşğul olmağa başladın?

– 2012-ci ildən Bakı şəhərinə köçdük. Bakıda “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli RİOEUGİŞM-də şahmatçı kimi qeydiyyata düşdüm və Xalid Atababayevin qrupunda məşqlərimi davam etdirdim. Eyni zamanda valideynlərimlə də fərdi məşqlərim olurdu.

– Hazırkı məşqçin kimdir?

– Hazırda baş məşqçi Fikrət Sideifzadənin yığma komandası ilə məşqlərdə iştirak edirəm. Fikrət müəllim ehtiyac olduqda fərdi şəkildə də köməklik göstərir, evdə isə valideynlərimlə hazırlığımı davam edirəm.

– İlk uğurun…

– İlk uğurum o idi ki, 6 yaşımda zona yarışında 2 ci yer tutmuşdum.

– Şahmatla birgə təhsili də davam etdirmək asan deyil. Bəs sən yarışların çoxluğuna baxmayaraq, təhsilini də davam etdirə bilmisən?

– Bəli. Hal-hazırda Bədən Tərbiyə və İdman Akademiyasının 3-cü kurs tələbəsiyəm. Orta məktəbi yaxşı qiymətlərlə bitirmişəm. Amma şahmatla birgə təhsili davam etdirməyin çətinlikləri çox olur.

-Ailədə neçə uşaqsınız və təkcə sən şahmatla məşğul olursan?

– Ailədə 3 uşağıq. Bir bacım, bir qardaşım var. Hər ikisi şahmat oynaya bilir. Lakin peşəkar şəkildə şahmatla məşğul olmayıblar.

– Günün nə qədər hissəsini şahmata ayırırsan?

-Gündə 6 saat şahmatla məşğul oluram. Ama yarışa hazırlaşarkən 7,8 saatı ötür.

– Azərbaycanın qadınlardan ibarət şahmat millisi 26 ildən sonra Avropa çempionatında üçüncü oldu. Millinin üzvü kimi bu uğur haqda fikirlərini bilmək istəyərdik.

– Biz yarışa çox ciddi şəkildə hazırlaşmışdıq və medal gözləyirdik. Bütün komanda yoldaşlarım son oyuna kimi əlllərindən gələni etdi. Son oyunda Ermənistan yığması ilə düşmüşdük. Bu , çox məsuliyyətli oyun idi. Çünki kim qələbə qazanarsa, 3 cü yerə layiq görüləcəkdi. Biz oyunları çox məsuliyyətlə oynadıq . Sonda 2.5-1.5 hesabı ilə qələbə qazandıq və 3-cü yerə layiq görüldük. Bu, çox sevindirici və qürurverici hiss idi.

– 18 yaşında olmağına baxmayaraq, qadınlar arasında turnirlərdə iştirak edib uğur qazanırsan. Bu nailiyyətlərini nəyə borclusan?

– Söz yox ki, hər bir nailiyyətin təməlində böyük əziyyət, zəhmət, iradə və istək durur.

İkinci dəfə qadınlar arasında Azərbaycan çempionu oldun. Bu münasibətlə səni təbrik edirik.Turnir haqda nə deyə bilərsən?

– Turnir hər il olduğu kimi bu il də gərgin keçdi, maraqlı oyunlar oldu. Mən 1-ci turda məğlub oldum, lakin özümü toparlayaraq qalan 8 oyundan 6 qələbə, 2 heç -heçə ilə ümumilikdə 9 oyundan 7 xal yığaraq çempion oldum.

Yerli yoxsa, xarici şahmatçılarla oynamaq çətindir?

– Təbii ki bütün rəqiblərlə ciddi şəkildə oynayıram, çətinliyə gəldikdə isə mən deyərdim ki , eyni dərəcədədir. Lakin Azərbaycan çempionatı millidə qalmaq üçün önəmli yarışdır, buna görə də bu yarışda gərginlik bir az çox olur.

– Prezidentin evlə təmin etdiyi idmançılar arasında sən də yer aldın. Bu barədə nə demək istəyərdin?

– Cənab Prezidentə qazandığım uğurlara verdiyi qiymətə görə dərin minnətdarlığımı bildirirəm. Prezidentin mənə qarşı olan bu etimadı çox gözlənilməz oldu. Çox sevindim. Həqiqətən də həyatımın ən sevincli anlarından biri idi.

– Qarşıdakı hədəfin nədir?

– Qarşıda bir çox hədəfim var. Onlardan bəziləri kişilər arasında qrossmeyster adını almaq, qadınlar arasında şəxsi Avropa çempionatında yer tutmaq, milli komanda ilə birgə Ümumdünya şahmat olimpiadasından ölkəmizə medal gətirməkdir.

– Hazırda dünyada koronavirus pandemiyası yayılıb. Koronavirusdan qorunmaq üçün qaydalara riayət edirsən?

– “Evdə qal” aksiyasına tam şəkildə riayət edirəm. Bütün qaydalara əməl etməyə çalışıram.