Şahmatın faydaları

Şahmat qədim tarixə malik idman növlərindəndir. Hələ əsrlər öncə məşhur mütəfəkkirlər şahmatın əhəmiyyətli və coxcəhətli faydaları haqqında vurğulamışlar. Şahmat oynayanların sırasında Franklin, Napoleon, І Pyotr, Jan-Jak Russo, D.Didro, İ.S.Turqenev, L.N.Tolstoy və s. kimi məşhur mütəfəkkirlər, siyasətçilər, filosoflar, yazıçılar, alimlər, rəssam və musiqiçilər də olmuşlar. 18-ci əsrin ikinci yarısında məşhur bəstəkar – komik operanın əsasını qoyan Andre Filidor güclü şahmatçılardan biri olmuşdur.

Şahmat insanın bir çox mühüm cəhətlərinin harmonik inkişafına yol açır. Bu gün milyonlarla insanın məşğul olduğu bu idman növü, beyni məşq etdirərək intellektual qabiliyyətin artmasında bilavasitə rol oynayır. Şahmat oyunu zamanı beynin hər 2 yarımkürəciyi eyni zamanda sinxron fəaliyyət göstərir, həmçinin məntiqi və abstrakt təfəkkürün aktiv inkişafı gedir.

Şahmatda mnemonik proseslər də intensiv istifadə olunur ki, oyunçu vizual, rəqəmsal və s. informasiyadan istifadə edərək həm uzunmüddətli, həm də operativ yaddaşı hərəkətə gətirir. Hadisələri qabaqcadan bilmək və proqnozlaşdırmaq, oyunda bütün mümkün variantları və nəticəni hesaba almaq cəhdi, operativ qərarlar qəbul etmək və mühüm həlledici gedişlər etmək – şahmatçının əldə etdiyi əsas bacarıqlardandır.

Uşaqlıqdan şahmat öyrənməyin üstünlükləri barədə bir qədər danışaq. Danılmazdır ki, bu idman növü ilə uşaqlıqdan məşğul olmaq uşaqların inkişafında həm intelektual, həm də şəxsi müstəvidə böyük təkan verir. Şahmat uşaqlara sevinc bəxş edən oyun olmaqla yanaşı, onların əqli inkişafı üçün aktiv və effektiv vasitədir. Şahmat oyunu uşaqlarda analitik-sintetik fəaliyyətləri, təfəkkür və mühakimə etməyi, fikri bir yerə cəmləməyi, nəticə çıxara bilməni, müqayisə etməyi, ümumiləşdirməyi, uzaqgörənliyi və s. kimi qabliyyətləri inkişaf etdirir.

Bundan savayı, şahmat – yaddaşı möhkəmlədir, eyni zamanda həm emosional, həm iradəvi möhkəmlik, əzmlilik və qələbəyə cəhd etmə kimi cəhətləri aktiv formalaşdırır. Bununla bərabər, oyunçunu məğlubiyyətə mətanət və ləyaqətlə yanaşmağı, lazımlı və dəyərli təcrübə əldə edərək, özünütənqid və şəxsi hərəkətlərini analiz etməyi öyrədir. Şahmatın bir cəhəti də odur ki, obyektiv olmağı öyrədir. Hələ illər öncə E.Lasker bu haqda fikir bildirmişdir ki, “Şahmat lövhəsində riyakarlığa yer yoxdur. Şahmat tərtibatının gözəlliyi ondadır ki, o, həmişə gerçəkliyi əks etdirir…”. Məşhur riyaziyyatçı akademik L.Eyler isə şahmatı riyaziyyatın bir sahəsi kimi qiymətləndirmişdir.

Şahmat – 64 dama üzərində həyatın proyeksiyasıdır. Coxsaylı eksperimentlər sayəsində müəyyən edilmişdir ki, şahmatla məşğul olan uşaqlar digərlərindən fərqli olaraq ümumtəhsil məktəblərində əsas fənlərdən daha çox nailiyyətlər əldə edirlər. Təcrübələr göstərmişdir ki, şahmat dərsləri həm istedadlı, həm də adi uşaqlara müsbət təsir etməklə yanaşı, eyni zamanda zəif və müxtəlif funksional pozğunluğa malik olan uşaqlara da effektiv təsir göstərir. Buna görə də uşaqları şahmat biliklərinə müvafiq olaraq erkən yaşlarından yiyələndirmək – faydalı və məqsədəuyğundur.

Zəhranur Qüdsi