Azərbaycan şahmatçısı Teymur Rəcəbov Almaniyanın Hamburq şəhərində keçirilən FİDE-nin Qran-pri turnirində növbəti oyununu keçirib.
Tehsilchess.az-ın məlumatına görə, 32 yaşlı qrossmeyster 1/8 final mərhələsinin ikinci duelində Rusiya təmsilçisi Daniil Dubovla qarşılaşıb və heç-heçə edib. İlk görüşdə də bərabərlik qeydə alındığı üçün növbəti mərhələyə yüksələn şahmatçı sabah “tay-breyk”də bəlli olacaq.
Qeyd edək ki, FİDE Qran-priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edir. FIDE əlavə olaraq 280 min avroluq mükafat fondunu Qran-pri seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək.