Məktəblilərin dünya çempionatı başa çatdı

17-27 aprel 2019-cu il tarixlərində Türkiyə Cümhuriyyətinin Antalya şəhərində 7-17 yaşadək məktəblilər arasında şahmat üzrə Dünya çempionatı keçirilmişdir. 33 ölkədən 392 şahmatçının qatıldığı bu mötəbər yarışda ölkəmizi “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası və özəl olaraq yarışa qatılan şahmatçılar təmsil etmişdir. Mərkəzin yığma komandasının tərkibi 5-11 dekar 2018-ci il tarixlərində Salyan rayonunda keçirilən Respublika birinciliyində qalib olmuş 12 şahmatçı və məktəblilərin sonuncu Dünya çempionu Murad İbrahimlidən ibarət olunmuşdur. 
13 yaşadək oğlanlar arasında çıxış edən Şəki UGİŞM-in şahmatçısı Süleyman Süleymanlı 2-ci yerə layiq görülərək gümüş medal qazanmışdır. Murad İbrahimli və Fərid Orucov müvafiq olaraq 17 yaşadək oğlanlar və 11 yaşadək oğlanlar arasında 4-cü olaraq mükafata layiq yer tutmuşlar. Uğur İlyaslı 15 yaşadək oğlanlar arasında 5-ci, Xanım İsmayılova və Nərmin Nəsibova isə müvafiq olaraq 9 və 13 yaşadək qızlar arasında 6-cı olaraq mükafatçılar sırasına düşmüşlər. 
Bundan əlavə Murad Mehtizadə 9 yaşadək oğlanlar arasında 7-ci yerdə qərarlaşaraq mükafatçılardan yalnız 1 pillə geridə qalmışdır.
2018-ci ildə 8 yaşadək Gənclər arasında Avropa Çempionu və Dünya 2-ci Cahandar Azadəliyev isə özündən 4 yaş böyüklərdə-13 yaşadək oğlanlar arasında çıxış etsə də layiqli mübarizəsi ilə yadda qaldı və medalın 1 addımlığından döndü.

Ümumi olaraq, şahmatçılarımızın məktəblilərin Dünya çempionatında bu ilki medal sayı əvvəlki illərlə müqayisədə az oldu. Səbəblər fərqli olsa da belə nəticənin sonuncu olacağına inanırıq.

Yarış müddətində şahmatçıların qayğısını çəkən, oyunların təhlilinə və hazırlıqlarına kömək edən məşqçi-müəllimlər – Rasim Əliyev və Çingiz Rzayevə və uşaqların şəxsi məşqçi-müəllimlərinə təşəkkür edirik.

You May Also Like